Hz. İbrahimin hənif dininə tabe olmaq

Müsəlmanlar və kitab əhli: yəhudilər və xristianlar fərqli şəriətlərə malikdir. Ancaq istər yəhudi və xristianlardan, istərsə də müsəlmanlardan səmimi olaraq iman edənlər eyni təməl dəyərlərə görə yaşayırlar: Allaha qəti olaraq iman etmək, Allaha heç bir şeyi şərik qoşmamaq, Allahın razılığı, rəhməti və cənnəti üçün yaşamaq. Bütün cəmiyyətlər Allahın özlərinə əmr etdiklərini əskiksiz olaraq yerinə yetirməklə və Allah rızası üçün Rəbbimizə könüldən təslim olub xeyir işlərdə yarışmaqla məsuldurlar. Allahın varlığına və birliyinə inanan, axirətə qəti iman edən və saleh əməllər işləyən hər üç ilahi dinin mənsubları da əslində Rəbbimizin hz. İbrahimə endirdiyi haqq dinə tabedirlər.

 

Hz. İbrahim Allahın özünə dost seçdiyi mübarək və seçilmiş peyğəmbərlərdən biridir. Göndərildiyi cəmiyyəti şirkdən uzaqlaşdıraraq bir və tək olan Rəbbimizə iman etməyə dəvət etmiş, səmimiyyət və gözəl əxlaqı ilə bütün iman edənlərə nümunə olmuş saleh bir quldur. Quranda Allah iman edənlərə hz. İbrahim kimi könüldən təslim olaraq iman etmələrini bildirmişdir:

 

Yaxşı əməl sahibi olun ozünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur! (Nisa surəsi, 125)

 

Quranda hz. İbrahimin dininin "hənif" din olduğu bildirilir. Hənif sözü "Allahın əmrinə təslim olan, Allahın dinindən heç bir mövzuda dönməyən ixlaslı adam" mənasındadır. Bir ayədə Rəbbimiz peyğəmbərimiz hz. Muhəmmədə (s.ə.v) hz. İbrahimin hənif dininə tabe olmasını belə bildirmişdir:

 

Sonra sənə: "Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!" - deyə vəhy etdik. (Nəhl surəsi, 123)

 

Hz. İbrahimdən sonra oğulları, nəvələri və onun nəslindən olan digər saleh möminlər Allahın hz. İbrahimə vəhy etdiyi haqq dinə tabe olaraq yaşamışlar. Bu həqiqət Quran ayələrində bu şəkildə bildirilir:

 

Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. Rəbbi İbrahimə: "Təslim ol!", -dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab vermişdi. İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!" Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanlarından soruşduğu zaman, onlar: "Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq!", - dedilər.  (Bəqərə surəsi, 130-133)

 

Yuxarıdakı ayələrdən də aydın olduğu kimi, "müsəlman" sözünün mənası  "Allaha təslim olan insan" deməkdir. Hz. İbrahimin hənif dini Allaha təslim olan yəhudilər, xristianlar və müsəlmanlar arasında ortaq sözdür. Hz. İbrahimə iman etmək, ona sevgi və hörmətlə yanaşmaq, yəhudi və xristianlar üçün olduğu kimi, müsəlmanlar üçün də son dərəcə əhəmiyyətlidir. Ancaq unutmamaq lazımdır ki, Allaha olan güclü imanı, dərin sevgisi, Rəbbimizin bütün əmrlərinə könüldən itaəti və üstün əxlaqı ilə bütün inananlara nümunə olan hz. İbrahimə ən yaxın olanlar, heç şübhəsiz, ona və təbliğ etdiyi əxlaqa tabe olanlardır. Rəbbimiz Quranda belə buyurur:

 

Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur! (Ali-İmran surəsi, 68)

 

Bu səbəbdən, Allaha könüldən iman edən yəhudi və xristianlar hz. İbrahim və ona tabe olan saleh möminlər kimi, yalnız Allaha yönəlməli, hz. İbrahimin göstərdiyi gözəl əxlaqı, səmimiyyəti və dərinliyi nümunə götürməlidirlər. Şübhəsiz, inananların Peyğəmbərə olan sevgilərini, itaət və yaxınlıqlarını göstərmələrinin ən gözəl yollarından biri onlar kimi saleh olmaq üçün səy göstərməkdir. Müsəlmanlar isə Rəbbimizin Quranda əmr etdiyi kimi, bütün peyğəmbərlərə endirilənlərə heç bir ayrı seçkilik etmədən iman edirlər.

 

Belə deyin: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!" (Bəqərə surəsi, 136)

 

Həmçinin bunu da xatırlatmaq lazımdır ki, tarix boyu bütün peyğəmbərlər Allah qatında haqq olan din əxlaqını insanlara təbliğ etmişlər. Hz. İbrahim, hz. Yaqub, hz. Yusif, hz. Musa, hz. İsa, hz. Nuh, hz. Şüeyb və digər peyğəmbərlərin hamısı insanları bir və tək olan Allaha şəriksiz olaraq iman etməyə, yalnız Onun razılığı üçün yaşamağa və Onun əmrlərini yerinə yetirməyə dəvət etmişlər. Bir ayədə belə deyilir:

 

Allah: "Dini doğru-dürüst tutun, onda ayrılığa düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər! (Şura surəsi, 13)

 

Göründüyü kimi, yəhudilərə və xristianlara (bəzi hökm fərqləri olmaqla birlikdə) endirilən din eynidir. Hər üç dinin mənsubları da əslində hz. İbrahimin nəvələridir. Yəhudi və xristianlar da eyni ilə müsəlmanlar kimi, heç şərik qoşmadan hz. İbrahimin hənif (Tövhid: bir Allaha inanıb yalnız Ona qulluq etmək) dininə tabe olmaqla məsuldurlar. Bir Quran ayəsində Rəbbimiz bütün iman edənlərə hz. İbrahimin dininə tabe olmaqla məsul olduqlarını belə bildirir:

 

"Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!" - deyirlər. Sən de: "Biz batildən haqqa tapınan İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi. (Bəqərə surəsi, 135)

Yəhudi və xristianların müqəddəs kitablarında yazılan bir çox ifadə, əmr və əxlaqi məsuliyyətlərin Qurani-kərimlə eyni olması da əhəmiyyətli bir işarədir. (Əlavə məlumat üçün baxın: "Gəlin birlik olaq", Harun Yəhya)